buguntv.az
buguntv.az

Qardaş ölkənin Suriyada başladığı 3-cü antiterror əməliyyatı ilə bağlı yaxın gözləntilər - əməliyyat uzana bilərmi...

15 dəfə baxılıb 12-10-2019, 10:42

Türkiyə ordusunun Suriyada sayca 3-cü hərbi əməliyyatı “Sülh çeşməsi” artıq 4-cü günündədir. Oktyabrın 9-da saat 16:00-da Türkiyə ordusu Suriyanın şimal-şərqində YPG silahlı təşkilatının daxil olduğu “Suriya Demokratik Qüvvələri” (SDQ) koalisiyasının nəzarətində olan bölgədə hərbi əməliyyata başlayıb.

İlk olaraq gündüz saatlarında aviasiya və artilleriya YPG mövqelərini bombalamağa başlayıb, gecə isə quru qüvvələri Suriya-Türkiyə dövlət sərhədini (artıq 5 ildir ki, Suriya hökumət qüvvələri sərhədi tərk edib - K.R.) keçərək döyüş əməliyyatlarına başlayıb. Hazırda əməliyyatlar Suriyanın Ras əl-Ayn və Tel Abyad məntəqələri arasındakı 120 kilometrlik ərazidə gedir. Artıq Türkiyə ordusu 1, müttəfiq “Suriya Milli Ordusu” qüvvələri isə 4 əsgər itirib. Qarşı tərəfdən isə itkilərin sayı 300 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyə daha əvvəl sərhədlərində terror təhlükəsini əsas gətirərək iki dəfə Suriya ərazisində hərbi əməliyyatlar keçirib. Birinci dəfə hərbi əməliyyatlar 2016-cı il 24 avqust başlayıb. “Fərat Qalxanı” adlanan əməliyyat 5 aydan çox davam edib, nəticədə Suriyanın Aziz və Cerablus məntəqələri arasında 100 kilometrdən bir qədər az ərazi əl-Bab məntəqəsinə qədər dərinliyə azad edilib. Türkiyənin Suriyada ikinci əməliyyatı YPG qruplaşmasına qarşı 2018-ci ilin yanvarında başlayıb. “Zeytun Budağı” adlı əməliyyat nəticəsində Afrin rayonu kürdlərin əlindən alınıb.

“Sülh Çeşməsi” sayca 3-cü əməliyyatdır. Bu əməliyyatın hədəfi İraq sərhədindən Cerablusa qədər olan ərazidə Türkiyə-Suriya sərhədini kürd silahlı qruplarından təmizləmək, ərazidə “sülh dəhlizi” yaratmaqdır.

Türkiyə nə istəyir?

Türkiyə hökuməti bəyan edib ki, ərazini YPG-nin nəzarətindən azad edib burada 140 kənd və 10 qəsəbə salmaq, Türkiyədəki 1 milyon suriyalı qaçqını buraya köçürmək planı hazırlayıb. Bu əməliyyatın əsas hədəfi Türkiyənin Suriya ilə sərhədini Ankaranın terrorçu hesab etdiyi YPG-nin nəzarətindən azad etmək, son 5 ildə bu bölgədə formalaşmış “kürd koridoru”nu dağıtmaq, Suriyadakı YPG ilə Türkiyədə fəaliyyət göstərən PKK və digər separatçı terror təşkilatları ilə bağını qırmaqdır.

Çünki uzun zaman hesab olunurdu ki, Suriyada savaşın bir hədəfi də kürdlərin şimali İraqdan Aralıq dənizi sahillərinə qədər uzanan zolağı nəzarətə götürməsidir. Faktiki olaraq iki il əvvələ qədər Türkiyə-Suriya sərhədinin əksər hissəsi kürd qüvvələrinin nəzarətində idi. Türkiyə hökuməti daha əvvəl kürdlərlə danışıqlara cəhd etsə də, YPG-nin PKK ilə əməkdaşlığı və Suriyada kürd muxtariyyəti yaratma cəhdi Ankaranı daha sərt addımlara sövq elədi. Türkiyənin bu əməliyyatlarda ikinci hədəfi Suriyanın şimalında Ankaranın müttəfiqi olan müxalifətin nəzarətində olan ərazilərin genişlənməsidir.

Məsələn, daha əvvəlki əməliyyatlarda azad edilən Aziz Cerablus arası və Afrin rayonu hazırda əsas etibarı ilə formal olaraq suriyalı müxaliflərin nəzarətindədir. Bu da o deməkdir ki, yaxın aylarda başlayacaq Suriyada siyasi keçid prosesində Türkiyənin dəstəklədiyi müxalifət əsas tərəflərdən biri kimi masada olacaq. Nəhayət, kürdlərin Türkiyə ilə sərhəddə muxtariyyət qurması baş tutmayacaq, kürdlər bu arzularına nail olsalar belə, Türkiyə ilə birbaşa sərhədləri olmayacaq. Hansı ki, bu əməliyyat nəticəsində kürdlərin muxtariyyət planının böyük ölçüdə zərbə alması gözlənilir.

Əməliyyatı kimlər həyata keçirir?

“Sülh Çeşməsi” əməliyyatında ümumilikdə 60 min hərbçi iştirak edir. Bunların 40 min nəfəri Türkiyə ordusunun hərbçiləri, 20 min nəfər isə suriyalılar, yəni “Suriya Milli Ordusu” döyüşçüləridir. Türkiyə ordusunda əsas zərbə qüvvəsini xüsusi təyinatlılar, polis xüsusi təyinatlıları, jandarma qüvvələri təşkil edir.

Hava qüvvələrində əsasən F-16 döyüş təyyarələri, T-129 ATAK hücum vertolyotları iştirak edir. Əməliyyatın artilleriya dəstəyini 155 mm-lik T-155 özüyeriyən haubitsaları, o cümlədən T-300 “Qasırğa” və “Qasırğa-K” raket qurğuları həyata keçirir. Bundan başqa, əməliyyatda Türkiyə ordusunun istifadəsində olan “Kripi”, “Kobra” zirehli texnikaları, tanklardan istifadə olunur.

“Sülh Çeşməsi” əməliyyatında Suriya müxalifətini “Suriya Milli Ordusu” adlı ordu, daha dəqiqi bu ordunun 20 min hərbçisi təmsil edir. Qeyd edək ki, “Suriya Milli Ordusu” (Ceyş əl-Vatani) daha əvvəl mövcud olmuş “Azad Suriya Ordusu” və “Milli Qurtuluş Cəbhəsi” qruplarının birləşməsi olaraq bu il oktyabrın 4-də yaradılıb. Bu qrupa daxil olan qüvvələr əsasən İdlib, Afrin və daha əvvəl Türkiyə ordusunun azad etdiyi ərazilərdə yerləşir. Bir qismi isə Türkiyə ordusu ilə birlikdə daha əvvəlki əməliyyatlarda iştirak edib və hazırda azad olunmuş ərazilərdə patrul fəaliyyətləri, asayişin mühafizəsini həyata keçirir. “Milli Ordu”nun əsas komandiri Səlim İdrisdir. Milli Ordu 3 korpusdan ibarətdir. Bu 3 korpusda ümumilikdə 40 minə yaxın döyüşçü var. Bundan başqa İdlibdə yerləşən Türkiyəyə yaxın müxalif silahlı dəstələrin təşkil etdiyi 4 korpusda 70 minə yaxın silahlı var. Yəni ümumilikdə hazırda Suriyada Türkiyə ilə bağlantılı olan silahlıların sayı 110 min nəfərə yaxın hesab olunur. Bunların tərkibində türkmənlərdən ibarət Sultan Murad, Fateh Sultan Mehmet briqadaları, eləcə də daha əvvəl ABŞ ordusunun təlim keçdiyi Həmzə, Muntasir Billah briqadaları da var. Ancaq bu qrupların hazırda ABŞ-la hər hansı əlaqəsi yoxdur.

Bundan əlavə, “Əhrar əş-Şərqiyyə”, “Ceyş əl-Şərqiyyə”, “Ceyş əl-Şamiyyə”, “Ceyş ən-Nasr”, “cəbhə ən-Nasr” və digər qruplar var. Hazırda bunların 14 min nəfəri Türkiyə ordusu ilə birlikdə əməliyyatda iştirak edir.

Qarşı cəbhədə kimlər var?

Türkiyənin hazırda hərbi əməliyyat keçirdiyi Suriyanın şimal-şərq bölgəsi artıq 4 ildən çoxdur ki, “Suriya Demokratik Qüvvələri” adlanan koalisiyanın nəzarətindədir. Bu koalisiya 2015-ci ildə təşkil olunub. Kürdlər, ərəblər, türkmənlər, süryani və digər kiçik qruplar təmsil olunur. Ancaq SDQ-nin əsas gücü bu ərazidə əsas çoxluq olan kürd qüvvələridir. Daha dəqiqi, YPG və onun yan qruplarıdır. Bölgədə eyni zamanda ABŞ və daha bir neçə Avropa ölkəsinin hərbi qüvvələri var.

ABŞ-ın hazırda Suriyada kürdlər ərazisində (daha bir hərbi bazasının Suriya-İordaniya sərhədinə yaxın ət-Tənf bölgəsində yerləşir - K.R.) 18 hərbi bazası və təxminən 2 min hərbçisinin olduğu güman edilir. Daha 5 hərbi bazanın isə Fransa ordusuna məxsus olduğu güman edilir

SDQ-nin hərbçilərinin sayı dəqiq bilinmir. Bəzi ehtimallara görə 80 min hərbçi var. Bunlardan 50 min (bəzi mənbələr 60 minə qədər deyir - K.R.) silahlı YPG və ya başqa sözlər kürd silahlı qrupları, 24 ərəb silahlı qrupları, yerdə qalan isə kiçik etnik və dini qrupların silahlı dəstələri. Bölgədə 7 fərqli kürd silahlı qrupunun olduğu ehtimal edilir. Bunlardan ən böyüyü PYD siyasi kürd təşkilatının silahlı qanadı olan YPG (Xalq Müdafiə Qüvvələri) və onun qadın briqadaları olan YPJ-dir.

Onu da qeyd etmək lazımdır ki, YPG üzvlərinin üçdə birini qadın silahlılar təşkil edir. YPG və kürd qüvvələri Kobani mühasirəsi, eləcə də Raqqanın İŞİD-dən geri alınmasına qədər bir sıra əməliyyatlar həyata keçirib və döyüş təcrübəsinə malikdir. 2014-cü ildən ABŞ-la yaxından əməkdaşlıq edən kürd qüvvələrinə Pentaqon ötən müddətdə minlərlə silah və texnika yardım edib.

Artıq əməliyyatın ilk mərhələsi başlayıb və ehtimal ki, hazırda 120 kilometrlik ərazidə 4 istiqamətdə davam edən döyüşlər qarşıdakı günlərdə daha geniş əraziyə yayılacaq. Lakin kürdlərin daha çox düzənlik olan ərazilərdə uzun müddət nizami Türkiyə ordusuna müqavimət göstərməsi mümkün deyil. Üstəlik, hava sahəsi açıq olduğu üçün Türkiyə ordusu düşmən mövqelərini bombalayır. Türkiyə ordusu indiki etapda 30 kilometrə qədər dərinliyə irəliləməyi hədəfləyib. Kürdlərin müqaviməti böyük ölçüdə Qərbdən gələcək dəstəkdən asılı olacaq. Əgər lazımı dəstək olmasa SDQ ehtimal ki, 30 kilometr geriyə çəkiləcək. Əks təqdirdə müharibənin uzanması riski var.
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi