10:47 - Prezident İlham Əliyevin müşavirədəki çıxışı: diplomatik qələbə reallığı ŞƏRH+AKTUAL
07:00 - Vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb
05:30 - Vitse-spiker Adil Əliyev şəhidlərin xatirəsinə həsr edilmiş tədbirdə iştirak edib
02:00 - Macarıstanın yeni seçilmiş Prezidenti Zati-aliləri xanım Katalin Novaka
02:00 - Martın 15-də gözlənilən hava şəraiti
17:30 - İstehsal və saxlanma yerlərində fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir
17:00 - Payızlıq əkinlərdə zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri həyata keçirilir
16:00 - Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 8,8 min reabilitasiya vasitəsi verilib
15:30 - Qayda pozuntuları aşkarlanmış kiçikhəcmli gəmilərlə bağlı qanuna müvafiq tədbirlər görülüb
13:00 - Dövlət Sosial Müdafiə Fondu beynəlxalq mükafata layiq görülüb
12:00 - Taekvondoçularımız İranda keçirilən "President Cup" turnirini 5 medalla başa vurublar
12:00 - Prezident İlham Əliyev Roma Papasını Tacqoyma Günü münasibətilə təbrik edib
11:00 - DOST İş Mərkəzi AQTA ilə birgə layihə üzrə 500 nəfəri işlə təmin edəcək
Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur.
Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.
Xurşidbanu Natəvanın yaradıcılığı həmişə diqqət mərkəzində saxlanılmış, xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən 1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində şəhər şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılmışdır. Bu gün Natəvanın Şuşada yenidən ucalan və möhtəşəm Zəfərimizin təntənəsini nümayiş etdirən büstü, eyni zamanda, xalqımızın milli mədəni irsə qayğısının rəmzi və mənəvi dəyərlərə ehtiramının təzahürüdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xurşidbanu Natəvanın 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 mart 2022-ci il