buguntv.az

Almaniyalı politoloq Aleksandr Rar: Prezident İlham Əliyev haqlıdır

13-01-2020, 17:52

 Son 10 ilin Avropa İttifaqı üçün çox çətin keçdiyini nəzərə alsaq, Avropanın gələcəyi varmı? Bu sual bir çox analitik tərəfindən verilir.

Media.Az-ın xəbərinə görə, məşhur almaniyalı politoloq Aleksandr Rar 2020-ci ilin daha da fırtınalı və təhlükəli ola biləcəyini deyib.

“Ola bilsin, biz Qərbin sonunun başladığını öz bildiyimiz formada görürük. Avropanı düzgün sabitlik və inkişaf yoluna qaytarmaq üçün yeni siyasətçi və mütəfəkkir nəsil lazımdır.

İndiki nəsil son 30 ilin təntənəsi ilə kor olub və müdrik qərarlar qəbul etmək iqtidarında deyil. Aİ ciddi problemlərlə üzləşir, hansı ki, bunların heç biri orta müddətdə həll oluna bilməz. Üstəlik, onların hər biri Aİ-ni çökdürəcək qədər ağırdır”, - deyə ekspert bildirib.

Avropa, həqiqətən də, qonşularını daha az cəlb etməyə başlayıb və bu, əsasən, Brüssel siyasəti ilə əlaqədardır. Təsadüfi deyil ki, ötən ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyev “Rusiya 24” telekanalına verdiyi müsahibədə ölkənin Avropa İttifaqına daxil olmağı planlaşdırmadığını dedi.

Dövlət başçısı xatırlatdı ki, Azərbaycanla birlikdə Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramına daxil olan keçmiş SSRİ-nin bəzi ölkələrindən fərqli olaraq, Bakı Avropa Birliyi ilə assosiasiya sazişi imzalamayıb.

“Mən onu əvvəldən axıra qədər oxudum. Və başa düşdüm ki, bu, razılıq deyil. Bu, bir təlimatdır. Bu, əməl etməyimiz üçün verilən təlimatdır. Mən komandamın üzvlərinə sual verdim. Bu təlimata ehtiyacımız var? O, bizə nə verəcək? Azərbaycan üçün praktiki bir faydası varmı? Mən şəxsən bunu görmədim”, - deyə Azərbaycanın dövlət başçısı bildirib.

Media.Az-la müsahibəsində Almaniyanın məşhur politoloqu Aleksandr Rar Avropanın problemlərindən danışıb.

- Qərbin sonunun mümkün başlanğıcı barədə yazmısınız. Doğrudanmı, Qərb parçalanır?

- Buna “parçalanma” deməzdim. Məsələ başqa cürdür: davam edən inteqrasiya perspektivi yoxdur. İngiltərə tərk edir (Avropa İttifaqını - red.), Avropanın cənubu böyük maliyyə çətinlikləri yaşayır.

Avropanın şimalında yaşayış yaxşıdır, amma ondan bunu cənubla bölüşmək tələb olunacaq. “Şimallılar” bunu etməyəcəklər. Bu da başqa bir qarşıdurma. Qiymət ziddiyyətləri var. Məsələn, Şərqi Avropa ölkələri ənənəvi, postsovet məkanına daha yaxındır.

Avropa ilə ABŞ arasında son 70 ildə baş verməyən böyük anlaşılmazlıq var. Rusiya ilə qarşıdurmalar. Çin Avropaya doğru irəliləyir, öz gündəmini daxil edir, pulunu yatırır, maraqlarını, o cümlədən, siyasi maraqlarını irəli ötürür.

Çöküşün, həqiqətən, baş verdiyi Yaxın Şərqdəki vəziyyət də buna təsir göstərir. Əfqanıstan, İraq, Suriya, Liviya... Avropa qaçqınların sığındığı ərazi kimi bunlardan kənarda qala bilməyəcək. Onlar cinayət elementləri də gətirir.

Miqrasiya böhranı fonunda Avropa sosial sistemi bunun öhdəsindən gələ bilməyəcək. Avropada millətçilik güclənir, terror təhlükəsi bitmir. Başqa problemlər də sadalana bilər.

Avropada firavan bir həyat başa çatır. Düzdür, Almaniyada bu, hələ hiss olunmur, amma cənubda artıq baş verir. Bundan sonra necə yaşamaq lazımdır? Avropalıları birləşdirə biləcək yeni bir fikrə ehtiyac var...

- Ötən ilin sonunda Azərbaycan Prezidenti İlham Əliyev Avropanın Bakıya Aİ ilə assosiasiya sazişi deyil, təlimat təklif etdiyini dedi...

- Prezident İlham Əliyev haqlıdır, mən onun fikri ilə tamamilə razıyam. Avropa Birliyi qonşularına təsir göstərmək istəyir, amma Brüsseldə başa düşürlər ki, postsovet ölkələrinin Aİ-yə daxil olması üçün artıq heç bir “yol xəritəsi” təklif edə bilməzlər.

Fransanın əleyhinə olduğu üçün Qərbi Balkan ölkələrinin Avropa İttifaqına daxil olmasına icazə verilmir. NATO da heç bir şey təklif edə bilmir.

Buna görə bir daha qeyd edim: bəli, assosiasiya təlimata oxşayır. Yeri gəlmişkən, Türkiyə 1963-cü ildə Avropa ilə assosiasiya sazişi imzalayıb, ancaq hələ də Avropanın “gözləmə otağında” oturur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 6
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05