SON DƏQİQƏ

Eldar Quliyev: “Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə daha da möhkəmlənməsini şərtləndirən əsas amil Prezident İlham Əliyevin siyasət xəttidir”

28-12-2021, 12:02

Eldar Quliyev: “Azərbaycanın beynəlxalq mövqelərinin getdikcə daha da möhkəmlənməsini şərtləndirən əsas amil Prezident İlham Əliyevin siyasət xəttidir”

Milli Məclisinin deputatı, professor Eldar Quliyevin müsahibəsi

Azərbaycanın getdikcə yüksələn beynəlxalq nüfuzu, ölkəmizin Avrasiya məkanı üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində mühüm tranzit qovşağına çevrilməsi, Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsində artan rolu bu gün dünyanın siyasi kuluarlarında aparılan danışıq və müzakirələrin əsas mövzularından birinə çevrilib. Təbii ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə və bu qələbə nəticəsində öz ərazi bütövlüyünü bərpa edərək yeni regional geosiyasi və geostrateji reallıqlar yaratması ölkəmizə qarşı olan bu marağı şərtləndirən əsas amildir. Bununla belə, Cənubi Qafqazda strateji maraqları olan bir çox aparıcı dünya dövlətləri ölkəmizin daxilində gedən prosesləri, o cümlədən iqtisadiyyatın yüksək dinamikası ilə diqqəti cəlb edən inkaşafını, eləcə də davamlı olaraq həyata keçirilən sosialyönümlü islahatları artan maraqla izləyirlər. Digər tərəfdən isə bu gün Azərbaycanla daha yaxın münasibətlər qurmaq, müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək istəyən ölkələr arasında son zamanlar sanki bir rəqabətin müşahidə olunması da bizim cəmiyyətimizdə getdikcə daha çox müzakirə olunan mövzuya çevrilməkdədir.

Oxucularımıza təqdim etdiyimiz bu müsahibədə bütün bu məsələlər iqtisadi yanaşma əsasında qismən təhlil olunur. Əməkdaşımızın suallarını Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.


-Eldar müəllim, bu gün artıq bütün dünya, o cümlədən Avropa Birliyinə daxil olan ölkələr də Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində yaratdığı yeni regional reallıqları qəbul edir və Cənubi Qafqazda öz təşəbbüslərini məhz bu reallıqlar əsasında formalaşdırmağa meyllənirlər. Bununla belə Azərbaycan-Ermənistan sərhədində ara-sıra yaşanan gərginliklər həmin dövlətləri də, beynəlxalq ictimaiyyəti də narahat edir. Bu məsələni necə şərh edərdiniz?

-Azərbaycanın tarixi Qələbə ilə bitirdiyi Vətən müharibəsinin başa çatmasından bir ildən artıq müddət keçib. Etiraf olunmalıdır ki, bu müddət ərzində ölkəmiz işğaldan azad etdiyi ərazilərdə irimiqyaslı bərpa-quruculuq işləri aparmaqla bərabər, eyni zamanda Cənubi Qafqazda davamlı sülhün, sabitlik və inkişafın bərqərar olması üçün də əhəmiyyətli addımlar atmışdır. Eyni zamanda da Azərbaycan dövləti artıq özünü Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və siyasi güc olaraq təsdiq etmişdir. Məhz bu amil dünya ölkələrini Azərbaycanın yaratdığı yeni regional reallıqları qəbul etməyə vadar edir. Təbii ki, belə olan vəziyyətdə Azərbaycan-Ermənistan münasibətləri təkcə Cənubi Qafqazda strateji maraqları olan dövlətləri deyil, həmin ölkələrin ictimaiyyətlərini də maraqlandırır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibənin ana xətti də məhz bu marağın doğurduğu suallar üzərində qurulmuşdu. Qeyd etməliyəm ki, möhtərəm dövlət başçımızın hər bir müsahibəsi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılması baxımından unikaldır və olduqca böyük əhəmiyyət kəsb edir. O cümlədən bu müsahibə də post-müharibə dövründə regionda cərəyan edən hadisələr, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması, tərəflərin imzaladıqları üçtərəfli bəyanatlarla öz üzərilərinə götürdükləri öhdəlikləri hansı səviyyədə yerinə yetirmələri ilə bağlı vacib məsələlər barədə məlumatların Avropa və dünya ictimaiyyətinə çatdırılması baxımından böyük siyasi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti öz müsahibəsində Ermənistanla sərhəddə mövcud vəziyyət, eləcə də qarşı tərəfin hərbi əməliyyatlar başa çatdıqdan sonra yol verdiyi təxribatlar barədə məlumat verərək, ölkəmizin yalnız sülh və sabitlik istədiyini aydın və qəti şəkildə vurğulamış oldu. Müharibədən sonra keçən 1 il ərzində vəziyyətin nisbətən sabit olduğunu qeyd edən dövlət başçımız stabilliyin məhz Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə daha dayanıqlı olduğunu da vurğuladı. Lakin Ermənistan-Azərbaycan sərhədində olan vəziyyət daha çox gərginliyi ilə diqqəti cəlb edir. Bu isə yalnız Ermənistanın qisas almaq cəhdləri ilə izah oluna bilər. Dövlət başçımızın da qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti onlar üçün çox ağrılı oldu. Bu məğlubiyyət ermənilərin otuz il ərzində şişirdikləri bütün mifləri məhv etdi. Cəmi 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə darmadağın oldu və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldılar. Məhz buna görə də bu gün erməni separatçıları ölkədə revanşizm əhval-ruhiyyəsini yaşatmaq ümidilə ara-sıra təxribatlara gedirlər.

-Amma bu təxribatların nəhayət bir sonu olmalıdır. Region daima yeni hərbi münaqişənin başlanması gözləntisi ilə də yaşaya biməz...

-Təbii ki, bu, qeyri-normal vəziyyətdir. Həm də məxsusi olaraq Cənubi Qafqaz regionu üçün çox təhlükəli bir vəziyyətdir. Birmənalıdır ki, bu gün Cənubi Qafqazda davamlı sülhə və sabitliyə nail olmaq üçün ilk növbədə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır. Bunun üçün isə iki ölkə arasında sərhədlərin demarkasiya və delimitasiya olunması vacib şərtdir. Təsadüfi deyil ki, öz müsahibəsində Prezident İlham Əliyev bu məsələni də diqqət mərkəzinə çəkmiş və problemin tezliklə həll olunmasının zəruriliyini vurğulamışdır. Dövlət başçımız bildirmişdir ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədi hələ də təyin olunmayıb. Azərbaycan Ordusu bu gün ölkəmizin dövlət sərhədində mövqe tutub. Lakin Ermənistan Azərbaycanın hər hansı bir səbəb olmadan Ermənistanın ərazisinə müdaxilə etməsi ilə bağlı əsassız iddialar irəli sürür. Halbuki, Azərbaycan Qarabağ müharibəsinin bitməsindən sonra dərhal Ermənistana sərhədlərin demarkasiyası üzərində işləməyə başlamağı və delimitasiya üzrə birgə işçi qrupunu yaratmağı və ərazidə bütün mübahisələri masa üzərində aydınlaşdırmağı təklif edib. Bunun müqabilində isə Ermənistan müharibə bitəndən sonra bir ildən çox müddətdə dövlət sərhədində bir neçə dəfə hərbi təxribatlar törətməyə cəhd edib. Lakin nəticədə onlar öz hərbi mövqelərini itirdilər, Azərbaycan isə dövlət sərhədində mövqelərini gücləndirdi. Azərbaycan Prezidenti növbəti dəfə qəti şəkildə bəyan etdi ki, bizim ölkəmiz sülh və sabitlik istəyir. Buna görə də biz Ermənistanın bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu çox yaxşı bilirlər.

-Eldar müəllim, bu gün Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artmasını, mövqelərimizin günü-gündən daha da möhkəmlənməsini şərtləndirən əsas amillər barədə nə deyə bilərsiz?

- İlk növbədə belə bir vacib amili qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində rolu getdikcə daha əhəmiyyətli olur və bu, davamlı bir prosesdir. Məsələ bundadır ki, son vaxtlar Avropa İttifaqının qaz ehtiyatlarının azalması, qazın qiymətinin isə artması müşahidə olunur. Avropa ölkələri bu tendensiyanın böhrana gətirib çıxara biləcəyindən çox narahatdırlar. Bu baxımdan XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi layihəsinin ötən ilin son günündə başa çatdırılması, Transadriatik qaz kəmərinin 2020-ci il dekabrın 31-də istismara verilməsi və artıq həmin vaxtdan Azərbaycandan Avropaya qaz ixracına başlanması çox əhəmiyyətli bir məsələdir. Bu gün Azərbaycan qazını yeni alan ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Öz müsahibəsində dövlət başçımız da qeyd edib ki, Azərbaycanın bu coğrafiyanı genişləndirmək üçün potensialı mövcuddur. Belə ki, 2023-cü ildən ölkəmizin 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırılır və bu rəqəm də arta bilər. Azərbaycanın nəhəng qaz ehtiyatları var və ölkəmiz Avropaya təbii qazın ənənəvi təchizat marşrutlarından daha qısa marşruta malikdir. Azərbaycan Prezidenti açıq tekstlə bildirdi ki, ölkəmiz Avropanın etibarlı tərəfdaşı və dostudur. Əgər Birliyə daxil olan ölkələrdən hansısa bizdən qaz almaq və yaxud da aldığı qazın həcmini artırmaq istəyirsə, burada görüləcək iş Avropa Komissiyası və həmin ölkələrlə təmas qurmaq və danışıqlara başlamaqdan ibarətdir. Bununla da Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində rolu getdikcə artır və bu, ölkəmizin mövqelərini daha da gücləndirir.

Azərbaycanın beynəlxalq arenada mövqelərini gücləndirən digər bir amil də sözsüz ki, ölkəmizin bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ən vacib kilid məntəqəsi olmaqla bütün beynəlxalq daşınmaların əsas tranzit məkanına çevrilməsidir. Prezident İlham Əliyevin İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibəsində qeyd etdiyi kimi, bu gün Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat tranzit mərkəzinə çevrilməkdədir. Ölkəmizdə altı beynəlxalq hava limanı var və azad olunmuş ərazilərdə daha üç beynəlxalq hava limanı olacaq. Həmçinin bu gün Azərbaycanı bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemi şaxələndirilir. Bundan əlavə müasir magistral yollar var. Ölkəmiz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin üzərində yerləşir. Dəmir yolu və yaxud avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb. İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizini açmaq üçün əlverişli imkanlar yaranıb. Həmin dəhliz Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaq. Bütün hunlar deməyə əsas verir ki, ən yaxın vaxtlarda nəqliyyat sektoru enerji sektorundan sonra ölkəmizin aparıcı sektorlarından biri olacaq. Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal işlər aparılır. Xəzər dənizində ən böyük ticarət limanının açılışı xüsusi olaraq qeyd olunmalıdır. Onun yükaşırma gücü 25 milyon tona qədər arta bilər. Azərbaycan artıq bütün növ yük gəmiləri, tanker və bərələri qəbul edə bilir. Təbii ki, bütün bu deyilənlər Avrasiya kimi nəhəng bir məkanı əhatə edəcək inkişaf və irəliləyişlər deməkdir. Məhz buna görə də Avropa İttifaqı Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunmasının vacibliyini və ən əsası da bu prosesin yalnız və yalnız Azərbaycanın maraqlarının, haqlı tələblərinin tam təmin olunması şərtilə həyata keçirməyin mümkün ola biləcəyini qəbul edir.

Lakin mən bir məqamı xüsusilə vurğulamaq istərdim ki, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunun getdikcə artması da, mühüm beynəlxalq tranzit məkanına çevrilməsi də birmənalı olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin nəticələridir. Məhz bu səbəbdən də Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artmasını, mövqelərimizin günü-gündən daha da möhkəmlənməsini şərtləndirən əsas amil olaraq məhz Prezident İlham Əliyevin siyasi xəttini göstərmək lazımdır.

-Məlumdur ki, bu gün müəyyən Avropa dövlətləri Ermənistana az və ya çox dərəcədə təsir imkanlarına sahibdirlər. Sizcə həmin ölkələr bu imkanlardan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üçün kifayət qədər istifadə edirlərmi?

-Hələlik birmənalı olaraq bunu demək olar ki, Avropa İttifaqı ölkələri bu münasibətlərin normallaşmasında maraqlı olduqlarını açıq-aşkar nümayiş etdirirlər. Təbii ki, bu, ilk növbədə həmin ölkələrin iqtisadi maraqları ilə izah olunur. Eyni zamanda müəyyən kontekstlərdə Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması yönümündə səy göstərdiyini də müşahidə edirik. Məsələn, İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqları Ermənistanın da qəbul etməsi, həmin reallıqlara uyğunlaşması və qonşu olaraq yaşamağı öyrənməsi kimi məsələlərdə Avropa İttifaqının rolu və səyləri böyük əhəmiyyət kəsb edir. O cümlədən dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə keçirdiyi görüşün nəticələri də bu prinsipləri özündə ehtiva edir. Avropa İttifaqı Prezidentinin görüş sonrası yaydığı Bəyanatda həmçinin belə bir məqam da vurğulanır ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Əlbəttə ki, bu məqamda öz öhdəliklərini tam yerinə yetirməkdən boyun qaçıran tərəf Ermənistandır. Brüssel görüşünün mühüm nəticələrindən biri də məhz budur ki, artıq Avropa Birliyi də Ermənistana Azərbaycanla sülh müqaviləsini imzalamaqdan və nəqliyyat-kommunikasiya dəhlizlərini açmaqdan başqa heç bir alternativin olmadığına dair gərəkən mesajları verir. Bəyanatda dəmir yolu xəttinin çəkilişi xüsusi olaraq qeyd olunur ki, bu da Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişini nəzərdə tutur. Həmçinin dəmir yolunda gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı vurğulanır. Beləliklə, nəqliyyat və kommunikasiyaların açılması şərti Ermənistanın bir qədər əvvəl imzaladığı üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlik kimi Brüsseldə də qəbul olundu və bu öhdəlik Ermənistana da bir daha xatırladıldı. Ermənistan məcbur qoyuldu ki, Zəngəzur dəhlizinin açılması və öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etsin. Lakin Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir. Azərbaycan isə artıq işlərə başlayıb və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Beləliklə, Avropa İttifaqının səyləri böyük əhəmiyyətə kəsb edə bilər. Lakin bu səyləri daha da artırmaq lazımdır.

-Eldar müəllim, bu gün artıq əksər dünya və Avropa dövlətlərinin Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etmələri həqiqətən də danılmaz faktdır. Bununla belə, yaranmış durumdan narahat olan dairələrin də mövcudluğunu inkar edə bilmərik. Bununla bağlı nə deyə bilərsiz?

-Təbii ki, bizim dostlarımızın olduğu kimi, bədxahlarımız da kifayət qədərdir. Bizim tarixi Qələbəmiz də, bu əsasda Cənubi Qafqazda yaranmış yeni reallıqlar da bu gün dünyada bəzi qüvvələri həqiqətən narahat edir və bunu danmaq olmaz. Məhz buna görə də, Ölkə Prezidenti cənab İlham Əliyevin oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində qeyd etdiyi kimi, siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün müxtəlif iftiralardan və böhtanlardan istifadə etməyə çalışırlar. Bu məhz həmin qüvvələrdir ki, onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. Lakin Vətən müharibəsinin nəticələri onlar üçün xoşagəlməz sürpriz oldu. Azərbaycan özü münaqişəni həll etdi və Ermənistanı məğlub etdi. Buna görə də yeni reallıqları həzm edə bilməyən və Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr mütəmadi olaraq dövrü aktivlik nümayiş etdirirlər. Lakin bu səylər böyük hesabla heç bir təsir gücünə malik deyil. Bu gün getdikcə daha çox Avropa ölkəsi Azərbaycnla qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini qurmağa və inkişaf etdirməyə maraq göstərir. Bu baxımdan Azərbaycanın İtaliya ilə əməkdaşlıq modeli bir çox digər Avropa ölkələri üçün də örnək ola bilər. Möhtərəm Prezidentimizin də öz müsahibəsində qeyd etdiyi kimi, Avropa İttifaqı ilə əməkdaşlığımızın enerji kimi ənənəvi sahələri var ki, buradakı nəhəng layihələrin icrasını yalnız alqışlamaq olar. Eyni zamanda da bu gün Avropa İttifaqı ölkəmizin nəqliyyat potensialına böyük maraq göstərir və bu sahədə fəal iştirak edir. Həmçinin Cənubi Qafqazda postmüharibə dövrünün inkişafında da Avropa İttifaqının rolu gündəlikdə olan məsələlərdəndir. Bu gün artıq bəzi Avropa ölkələri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində gedən bərpa-quruculuq işlərində öz şirkətləri ilə təmsil olunurlar və İtaliya bərpa-quruculuq işlərinə cəlb edilən ilk ölkələrdəndir. Əlbəttə ki, bu da təsadüfi deyil. Prezident İlham Əliyev hələ bir müddət əvvəl demişdi ki, Azərbaycan Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcək. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti ilə bir bölgənin enerji təminatı məsələsi ilə bağlı müqavilə imzalanıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq. Bu baxımdan bəzi digər Avropa dövlətlərinin də Azərbaycanla münasibətləri necə qurmaq lazım olduğuna dair İtaliyanın təcrübəsini öyrənmələri tamamilə məqsədəuyğun bir hal olardı.

-Eldar müəllim, istəyirəm söhbətimizi bir qədər də ölkə daxilində gedən proseslərlə bağlı mövzular ətrafında davam etdirək.Təbii ki, bu xüsusda ən önəmli mövzulardan biri işğaldan azad olunmuş ərazilərdə gedən quruculuq işləri ilə bağlıdır. Prezident İlham Əliyevin həmin ərazilərə davam edən səfərləri də işğaldan azad olunmuş rayonlarımızın, şəhər və kəndlərimizin bərpası məsələsinin prioritet istqamət olduğunu bir daha nümayiş etdirir. Bu barədə hası fikirlərinizi paylaşmaq istərdiz?

-Həqiqətən bu çox aktual bir mövzudur. Dediyiniz kimi, işğaldan azad edilmiş şəhər və kəndlərimizin bərpası Azərbaycnın daxili işidir. Lakin bu proseslər bu gün bütün dünya tərəfindən böyük maraqla və diqqətlə izlənilir. Çünki tamamilə dağıdılmış ərazilərin Azərbaycanın öz gücünə, həm də böyük sürətlə bərpası eyni zamanda ölkəmizin iqtisadi gücünün, qüdrətinin nümayişidir. Otuz il davam edən işğal dövründə erməni qəsbkarları Azərbaycan xalqına qarşı dünya tarixində misli görünməmiş vəhşiliklər törədiblər. Bu nankorlar tarix boyu xalqımızdan gördükləri yaxşılıqların əvəzini bizə qarşı həyata keçirilən soyqırımları, şəhərlərimizdə törədilən terror aktları, tarixi-mədəni abidələrimizə, təbiətimizə və təbii sərvətlərimizə qarşı yol verilən vandallıq və talançılıqla veriblər. Artıq bütün dünya və ilk növbədə ermənilərin havadarları bu həqiqətləri görməli və qəbul etməlidirlər. Bu baxımdan da Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə etdiyi hər bir səfəri bir tarixi hadisədir. Bu səfərlər zamanı həmin ərazilərdə həyata keçirilən təməlqoyma mərasimlərində əslində bütün bölgənin inkişafının, tərəqqisinin təməli qoyulur. Dövlətimizin başçısı hər dəfə işğaldan azad olunmuş ərazilərə etdiyi növbəti səfəri zamanı dünyaya yeni bir mesaj ünvanlamış olur. Ölkə Prezidenti cənab İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə 2021-ci il 4 oktyabr tarixində keçirdiyi görüşdə etdiyi çıxışında dediyi kimi, artıq bütün dünya etiraf etməlidir ki, Azərbaycan təkcə özünü müdafiə etməyib, eyni zamanda erməni faşizminin belini qırıb və bütün Cənubi Qafqazı bu təhlükəli bəladan qurtarıb. Əlbəttə ki, bu gün qarşımızda duran ən mühüm vəzifələrdən biri işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə yenidənqurma, bərpa işlərinin ən yüksək səviyyədə həyata keçirilməsidir. O cümlədən dövlət başçısının Cəbrayıla səfəri zamanı daha bir neçə obyektin təməli qoyuldu. Bu obyektlərin inşası və inşaatından sonra fəaliyyəti zamanı bir çox sosial-iqtisadi məsələlər öz həllini tapacaq. İlk növbədə, təhlükəsizliklə bağlı tədbirlər. Oktyabrın 4-də möhtərəm Prezidentimiz Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışını etdi. Orada nümayiş etdirilən ən müasir silahlar, sursatlar bizim sərhədlərimizi möhkəm, lazımi səviyyədə qorumaq üçün geniş imkanlar yaradır. Həmçinin Prezidenti səfəri çərçivəsində iqtisadi fəallıq üçün önəmli addımlar atıldı. “Araz Vadisi İqtisadi Zonası”nın təməli qoyuldu. Bu, 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar da müəyyən olundu. Yenə də oktyabrın 4-də “KamAZ” şirkətinin vitse-prezidenti və Rusiyanın Tatarıstan Respublikasının Baş nazirinin müavini xüsusi olaraq Azərbaycana gəlib və dövlətimizin başçısı ilə bərabər “KamAZ” regional xidmət mərkəzinin açılışında iştirak etmişlər. Bu da çox önəmli hadisədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Əlbəttə ki, Türkiyə şirkətləri də artıq Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlamışlar. Eyni zamanda, sosial obyektlərin təməli qoyuldu. Xəstəxana, məktəb, bütün bunlar buraya insanların qayıdışı üçün əsas şərtlərdir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan müharibəni Zəfərlə bitirdi və indi sülh dövrünü də zəfərlə başlayıb, zəfərlə başa vuracaq. Ümumiyyətlə bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı bərpa-quruculuq işlərini bütün dünya heyranlıqla izləməkdədir. Prezident İlham Əliyevin öz çıxışında vurğuladığı kimi, 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək.

-İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən danışarkən əlbəttə ki, Füzuli Beynəlxalq Hava Limanının inşasının rekord müddətə başa çatdırıldığını qeyd etməmək olmaz...

-Dediyimiz kimi, möhtərəm Prezidentimizin işğaldan azad edilmiş ərazilərə mütəmadi etdiyi səfərlər görülən işlərin daim diqqət mərkəzində saxlandığını təsdiq edir və eyni zamanda da bu işlərin icrasına ən güclü stimulverici amil kimi təsir göstərir. Əbəs yerə deyil ki, dövlət başçısının hər belə səfəri açılış və təməlqoyma mərasimləri ilə əlamətdar olur. Əlbəttə ki, Azərbaycanın iqtisadi qüdrətini və yaradıcı ruhunu nümayiş etdirən ən bariz nümunələrdən biri də cəmi 8 ay ərzində inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanıdır. Dövlət başçımızın Füzuli ictimaiyyəti ilə görüşü zamanı etdiyi çıxışında dediyi kimi, bəlkə də dünya praktikasında, dünya tarixində belə qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir. Hava limanında görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Deyildiyi kimi, bütün bunlar Azərbaycanın yaradıcı və sülhsevər ruha sahib olduğunun nümayişidir. Lakin bununla yanaşı hər kəs bilməlidir ki, Azərbaycan sülhü sevdiyi kimi, onu qorumağın da qaydasını bilir və lazım gələrsə, bu sülhə təhdid törədən bütün qüvvələri dəf etməyə hər an hazırdır.

-Yeri gəlmişkən, Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakını necə şərh edərsiniz?

-Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına növbəti rəsmi səfəri ölkələrimiz arasında olan səmimi dostluq və qardaşlıq münasibətlərinin daha bir təcəssümüdür. Türkiyə-Azərbaycan münasibətlərinin iyun ayının 15-də imzalanmış tarixi Şuşa Bəyannaməsi ilə rəsmi müttəfiqlik səviyyəsinə qaldırılmasından sonra ölkələrimiz arasında bütün formatlarda qarşılıqlı əməkdaşlıq əlaqələrinin hər bir sahəyə daha sürətlə sirayət edəcəyi gözləntisi artıq öz təsdiqini tapmış oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində birgə iştirak etmələri, birlikdə Zəngəzur dəhlizinin bir hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoymaları da bu gerçəkliyin ilk təsdiqi oldu. Dövlət başçıları Zəngilanın Ağalı kəndində mətbuata verdikləri birgə bəyanatlarda da bir daha vurğuladılar ki, Türkiyə və Azərbaycan xalqlarının birliyi əbədidir, sarsılmazdır. Bu gün Azərbaycan və Türkiyə Prezidentlərinin birlikdə yazdıqları tarix bütün Türk dünyasının önündə yeni imkanlar açır, Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələrinin daha da güclənməsinə yeni təkan verir.

-Bu baxımdan Azərbaycan və Türkiyə Prezidentlərinin birlikdə yazdıqları tarixin ən parlaq səhifələrindən biri kimi də 2020-ci il dekabr ayının 10-da Bakıda keçirilmiş Zəfər paradını qeyd edə bilərikmi?

-Sözsüz. İlk növbədə qeyd etmək lazımdır ki, ötən il Bakının Azadlıq Meydanında keçirilən möhtəşəm Zəfər paradı sözün həqiqi mənasında qalib Azərbaycanın, haqqın və ədalətin təntənəsi idi. Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi də rəmzi məna daşımaqla böyük mənəvi və siyasi əhəmiyyət kəsb etmiş oldu. Bu bayraqla Şuşanın bir parçası da Zəfər paradında iştirak etdi. Bununla da həm ermənilər, həm də onların bütün dünyada olan havadarları öz xəyanətkar siyasətləri nəticəsində yaşamalı olduqları aqibətin acısını hər zaman xatırlamalı olacaqlarına dair açıq-aydın mesaj aldılar. Əlbəttə ki, Zəfər paradı həm də Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin daha bir göstəricisi oldu. Dünyanın diqqətini cəlb edən əsas məqamlardan biri də bu idi ki, Bakıda keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri də iştirak etdilər. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birlikdə qəbul etmişdilər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının bariz təzahürüdür. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Qələbəsinin Zəfər paradını keçirərkən Ermənistan hələ də daxili çaxnaşmalarla, etiraz mitinqləri ilə çalxalanırdı. Hadisələrin gedişi göstərir ki, 44 günlük müharibədəki acı məğlubiyyət Ermənistanın və onun havadarlarının onilliklər boyunca yürütdükləri təcavüzkar siyasətin süqutudur.

-Eldar müəllim, bu günlərdə Prezident İlham Əliyev bir neçə yeni sosialyönümlü sərəncam və fərman imzalayıb. Gözləntilərə görə bu sənədlər 2022-ci ildə əhalinin böyük bir hissəsinin rifah halının xeyli yüksəlməsinə səbəb olacaq. Bir iqtisadçı alim kimi Sizin də bu barədə fikirlərinizi öyrənmək maraqlı olardı.

-Azərbaycan sosial sahəyə çox böyük diqqət göstərilən ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip iqtisadi dividendlərin ilk növbədə əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə təsdiqini tapır. Xüsusilə son 18 ildə Azərbaycanda ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi əhatəli islahatlar həyata keçirilib və bu islahatlar növbəti illərdə də əlbəttə ki, davam edəcək. Bu baxımdan dövlət başçısının imzaladığı yeni Qərar və Sərəncamlar da vətəndaş rifahı naminə atılan mühüm yeni addımlardır. İmzalanmış yeni Fərman və Sərəncamlar ilə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir. Nəzərdə tutulan artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Diqqətəlayiq haldır ki, yeni Fərman və Sərəncamlarla müavinət və təqaüd artımı əhalinin bütün təbəqələrini əhatə edəcəkdir. Həmçinin çox əhəmiyyətli tədbirlərdən biri də minimum əməkhaqqının 300 manata çatdırılmasıdır. Aydındır ki, bu tədbir ilk növbədə birbaşa əmək bazarına təsir edir, əmək məhsuldarlığını artırır. Həmçinin minimum əməkhaqqının artımı əmək müqavilələrinin bağlanılmasını, başqa sözlə desək əməyin leqallaşdırılmasını da stimullaşdırır.

Diqqətəlayiq haldır ki, bu gün bütün dünyada hələ də pandemiyanın davam etməsinə, ölkəmizdə isə bundan başqa həm də postmüharibə dövrü olmasına baxmayaraq, Azərbaycanda sosial islahatlar uğurla davam etməkdədir. Bu sosial islahatların vacib istiqaməti və tərkib hissəsi də birbaşa əhalinin həssas təbəqələrinin gəlirlərinin artırılmasına hədəflənib.

-Eldar müəllim,bütün suallarımızı dolğun və ətraflı cavablandırdığınıza görə Sizə təşəkkür edirəm. Sağ olun.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 143

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR