buguntv.az

Qobustandakı tarixi abidənin ərazisində tikinti işləri dayandırıldı

18-05-2020, 10:39




Qobustan rayonunda Qafqaz Albaniyasında tədqiqat işlərinin aparılmasına qədər bütün tikinti işləri dayandırılıb və bu işlər arxeoloji araşdırmalardan sonra davam etdiriləcək.
Bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, bölgə üzrə arxeoloji ekspedisiyanın rəhbəri Akif Quliyev deyib.
Onun sözlərinə görə, əldə edilən razılığa əsasən yaxın vaxtlarda qeyd edilən ərazidə kəşfiyyat işləri başlanacaq, abidənin sərhədləri müəyyən ediləcək və Mədəniyyət Nazirliyi tətəfindən qeydiyyata alınacaq: "Abidədə arxeoloji tədqiqat işlərinin həyata keçirilməsi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Mədəniyyət Nazirliyinin birgə qərarından sonra baş tuta bilər".
Qeyd edək ki, mayın 10-da AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektorunun müdiri Pərviz Nəcəfov tərəfindən Qobustan rayonu Sündü kəndi ərazisindəki yeni orta məktəbin tikinti işləri zamanı saxsı qab nümunələrinin aşkar edilməsi haqqında məlumat daxil olub.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin göstərişi ilə İnstitutun şöbə müdiri, bölgə üzrə arxeoloji ekspedisiyanın rəhbəri Akif Quliyev rayona ezam edilib və Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qobustan rayon üzrə abidə mühafizəçisi Bəylər Musa oğlu Ağayevlə birgə maddi-mədəniyyət nümunələrinin aşkar edildiyi əraziyə baxış keçirilib.
Əraziyə baxış keçirərkən müəyyən edilib ki, ərazidə antik dövrə aid nekropol mövcud olub. Akif Quliyevin fikrincə, əraziyə yayılmış daşlara əsasən, Antik dövr nekropolu daş qutu qəbirlərdən ibarət olmuşdu və ümumilikdə, nekropol Qafqaz Albaniyasının xristianlıq ərəfəsindəki dövrə aiddir. Torpağın üst qatı ekskavator vasitəsi ilə götürüldüyündən nekropol dağıdılıb, mədəni təbəqə qarışıb. Təəssüf ki, abidənin aşkar edilməsi haqqında məlumat vaxtında müvafiq orqanlara çatdırılmayıb və tikinti işləri zamanı abidənin çox hissəsi dağıdılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 11
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.BUGUNTV.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

(+99470) 527 05 05